Siyasət

"Yeganə ölkəyik ki, vətəndaşımızı saxta ittihamlarla həbs edirik..."

16 Yanvar, 2019
3210
Rəsul Cəfərli: "Avropa Birliyi ticarət əlaqələrindən məsələnin həlli üçün mütləq istifadə etməlidir”
 
Yanvar ayının 17-si Avropa Parlamentində Mehman Hüseynovla bağlı məsələ gündəmə gətiriləcək. 

 

Toplum Tv bu görüşdən gözləntilər və vətəndaş cəmiyyətinin bu kimi məsələlərdə rolu ilə bağlı yaranan suallara aydınlıq gətirmək üçün hüquq müdafiəçisi, vətəndaş cəmiyyəti nümayəndəsi Rəsul Cəfərliyə müraciət etdi.

- Rəsul  bəy, Avropa Parlamentinin Almaniyadan olan deputatı Rebecca Harms deyib ki, yanvarın 17-də Avropa Parlamenti Mehman Hüseynovun işinə görə Azərbaycan üzrə təcili qətnamə qəbul edilməsini müzakirəyə çıxaracaqlar. Bəs bu qətnamədə nə kimi müddəalar yer ala bilər? Bu qətnamə Azərbaycan hökuməti üçün hansı sanksiyaların qoşulmasına səbəb ola bilər?
 
- Hüquqi baxımdan götürəndə qətnamə Azərbaycan üçün məcburi xarakter daşımır. Çünki Azərbaycan Avropa Birliyinin üzvü deyil və ona görə də Avropa Birliyinin hansısa sturukturlarının, o cümlədən Avropa Parlamentinin qətnaməsi daha çox siyasi mövqe ifadə edir, nəinki hansısa bir öhdəlik yaradır. Məsələ burasındadır ki,  Avropa Parlamenti  Avropa Birliyinin imzaladığı razılaşmaları ratifikasiya etmək səlahiyyətinə malikdir. Eyni zamanda Azərbaycanla Avropa Birliyi arasında ikitərəfli  strateji razılaşma üzərində iş gedir. Avropa Parlamenti ötən ilin iyulunda qətnamə qəbul etdi və açıq şəkildə mesaj verdi ki, əgər Azərbaycanda siyasi məhbus problemi və insan haqları ilə bağlı problemlər həll edilməsə, Azərbaycanla Avropa Birliyi arasında imzalanması gözlənilən müqaviləni ratifikasiya etməyəcək. Müqavilənin ratifikasiya edilməməsi o anlama gəlir ki, həmin müqavilə faktiki olaraq qüvvədə olmur. Çünki müqavilənin qüvvəyə minməsi üçün sözügedən müqavilə ratifikasiya edilməlidir. Bu prizmadan yanaşdıqda cümə axşamı baş tutacaq iclas istər məsələnin müzakirəsi baxımından, istərsə də hansısa qətnamənin qəbul edilməsi baxımından önəmlidir. Həmin qətnamə siyasi mövqe baxımından çox vacibdir. Yəni Avropa Parlamenti kimi bir qurum Azərbaycanda siyasi məhbus problemini bildiyi və bu məsələdən narahat olduqları haqqında mesaj vermiş olacaq. O ki qaldı sanksiyalara, Avropa  Parlamenti özü birbaşa sanksiyalar tətbiq etmir, amma sanksiyanın tətbiqinə digərlərini çağıra bilər. Avropa Parlamentinin müzakirələrindən mənim gözləntim bunlardır.
 
- Avropa Parlamentinin birbaşa sanksiya tətbiq etmədiyini, sanksiya üçün digər ölkələri çağıra biləcəyini dediniz. Bu ölkələr hansılardır və onlar Azərbaycana qarşı nə kimi sanksiyalar tətbiq edə bilərlər?

- Avropa Parlamenti sadəcə Avropa Birliyinin icra sturukturlarını çağıra bilər. Yəni Avropa Komissiyası və ya Avropa Birliyi Şurasını. Ayrı-ayrı ölkələri çağırması mümkün olsa da, praktikada hələ görünməyib. Avropa Parlamenti öz icra sturukturlarına çağırış edir ki, onlar sanksiya tətbiq etsinlər. Burada söhbət əsasən fərdi sanksiyalardan gedir. Məsələn, işə cəlb olunan hakimlərə qarşı fərdi sanksiyalar ola bilər.

- Fərdi sanksiya dedikdə, nəyi nəzərdə tutursunuz? Söhbət hansı işə qəbul olunan hakimlərdən gedir?

- Sadəcə, Mehman Hüseynovun və ya başqa siyasi məhbusların işini. Ola da bilər ki, bütün siyasi məhbusların işi üzrə olsun. Bu, orada gedəcək müzakirələrdən asılıdır. Bizim indidən nə qərar veriləcəyini deməyimiz mümkün deyil. Lakin inanıram ki, Avropa Parlamenti icra sturukturlarını sanksiya tətbiq etməyə çağıra bilər. Əvvəllər də belə çağırışlar edib. İndi də bu cür çağırış etməsi istisna deyil.
 
- Əfqan Muxtarlı haqqında da bir qətnamə qəbul olunmuşdu, lakin nəticələrini görə bilmədik. Mehman Hüseynovla bağlı qətnamə qəbul olunarsa, bu qətnamənin aqibəti  Əfqan Muxtarlı ilə eyni ola bilər?
 
- Bizim Avropa strukturlarına yönələn tənqidimiz məhz elə ondan ibarətdir ki, onlar məsələlərin üzərinə ciddi düşmürlər. Məsələn, Əfqan Müxtarlının işi hansısa Avropa Birliyinə daxil olan ölkələrin rəsmiləri Azərbaycana gələndə qaldırılır. Yayda Angela Merkelin Bakıya səfəri zamanı bu məsələ qalxmışdı. Konkret bilirəm ki, İlkin Rüstəmzadənin, Mehman Hüseynovun, bəzi məlumatlara görə Əfqan Muxtarlının məsələsi qalxmışdı. Bizim də çağırışımız ondan ibarətdir ki, Avropa sturukturları bu məsələnin üzərinə həm ciddi, həm davamlı düşməlidirlər. Yəni mövsümi  olaraq kiminsə gəlib bu problemlərə görə narahatlığını bildirməsi, siyasi məhbusların azadlığını tələb etməsi ilə siyasi məhbuslar azad olan deyillər. Praktikada isə görünür ki, nəinki azad olunurlar, hətta vicdan məhbuslarının yenidən azadlığa çıxmasına qısa müddət qaldıqda başqa bir saxta ittiham irəli sürərək həbs müddətini uzadırlar. Avropa sturukturları başa düşməlidir ki, bu, onların öz əleyhinə işləyir. Ötən günlərdə yazılan məktubu, yəqin ki, görmüsünüz. Orda Avropa sturukturları üçün biabrçı çağırışlar var idi. İlkin Rüstəmzadəni qınamaq mümkün deyil, çünki adam düz yazıb. Hamımızın gözü qarşısında gəlirlər, danışırlar, amma nəticə olmur. Nəticə olmadıqda adamın ağlına gələn ilk şey odur ki, deməli, hansısa danışıqlara, hansısa alverə gedilib və nəticədə siyasi məhbuslar azadlığa buraxılmır. Bu kimi səbəblərdən biz Avropa sturukturlarını insan haqları məsələsində daha tələbkar olmağa çağırırıq.

- Avropa sturukturlarına çağırış etdiyinizi deyirsiniz. Vətəndaş cəmiyyəti nümayəndələri sosial şəbəkərdə etdiyi çağırışlar xaricində daha effektli çağırışlarını hansı formada edir? Nə kimi praktiki çağırış fəaliyyəti var?

- Vətəndaş cəmiyyəti nümayəndələri məktubların yazılmasından tutmuş, üzbəüz görüşlərə qədər fərqli formalarda Avropa sturukturlarını Azərbaycanda insan haqları məsələsinə diqqət ayırmağa çağırırlar. İstər Avropa Birliyin Bakı səfirliyi, istərsə də, Avropa Birliyinin Brüsseldə yerləşən sturukturları ilə əlaqələr var. Tanıdığım vətəndaş cəmiyyəti nümayəndələri - həm ölkə içində, həm də ölkə xaricində yaşayanlar - bu məsələni əsas prioritet kimi  qoyurlar. Biz onlara deyirik ki, hansısa ticarət əlaqələrinə görə belə məsələlərə göz yummasınlar. Nəticədə Mehman Hüseynov və digər məhbuslar aclıq elan edəcək həddə çatırlar. Buna göz yumulmamalıdır. Biz inanırıq ki, Avropa sturukturlarının bu məsələnin qarşısı alacaq imkanları var. 

Azərbaycanın ticarət dövriyyəsinin 50 faizdən çoxu Avropa Birliyinin payına düşür. Daha loru dildə desək, Azərbaycanın bazarı Avropa Birliyidir. Avropa Birliyi  ticarət əlaqələrindən məsələnin həlli üçün mütləq istifadə etməlidir. 
 
 - Vətəndaş Cəmiyyətinin nə kimi təsir gücünüz var? Planlarınız nədir?

- Vətəndaş cəmiyyəti əlində dəyənəyi, kiməsə təsir gücü olan sturuktur o halda ola bilər ki, fəaliyyət göstərdiyi ölkədə demokratik institutlar işləsin. Ölkədə məhkəmə sistemi müstəqil deyilsə, vətəndaş cəmiyyəti heç vaxt güclü ola bilməz. Mübahisə olan təqdirdə məhkəmə hər zaman vətəndaş cəmiyyətinin yox, digərinin tərəfini tutacaqsa, vətəndaş cəmiyyətinin hansı gücündən danışmaq olar? Bizim ölkədə şərtlər çox ağırdır. İndiki vəziyyətdə şərtlər Rusiyadan, Belarusiyadan da ağırdır. Buna baxmayaraq, vətəndaş cəmiyyəti tam təslim olmur. Yazan jurnalistlər də, araşdırmaçı jurnalistlər də, fərdi şəkildə hüquq müdafiçiliyi edən hüquqşünaslar da, hüquqşünas olmayan hüquq müdafiəçiləri də nəsə etməyə çalışır.  Gələk planlar haqqında sualınıza. Yəni biz nə edə bilərik? Ancaq davamlı çağırışlar edə bilərik, onu da edirik. Hansısa kampaniyaları istər onlayn, istər oflayn şəkildə edə bilərik, onu da edirik. Beynəlxalq təşkilatlarla görüşüb deyə bilərik ki, Azərbaycan hökumətinin yadına tez-tez üzərinə götürdüyü öhdəlikləri salsın, bunu da davamlı edirik. Sentyabrın 21-də Avropa Şurası Parlament Assableyasının sessiyası başlayacaq. Azərbaycandan da o sessiyaya qatılan hüquq müdafiəçiləri olacaq. Onlar insan hüquqları ilə bağlı problemləri orada qaldıracaqlar.
 
- Siz də qatılacaqsınız? Siz şəxsən bu proseslərdə yer alırsınız?

- Bəli, mən də qatılacam. Bəhs etdiyim prosesin içində mən də varam. Sadəcə, özümü tez -tez vurğulamağı sevmirəm.

- Beynəlxalq mətbuatda Azərbaycanda siyasi məhbuslar və digər insan haqları üzrə problemlər gündəmə gəldi. ABŞ senatorları, Avropa ölkələri tərəfindən Azərbaycan hökuməti qınandı. Bəs beynəlxalq imicimizin qaldırılması üçün böyük rəqəmlərdə məbləğlər ayıran, idman oyunları keçirən hökuməti bu kimi ölkə imicini aşağı salan addımlar atmağa nə vadar edir?
 
- Mehman Hüseynova qarşı bütün bunlar baş verməsə idi, daha yaxşı olardı. Hökumət deyir ki, guya biz qarayaxma kampaniyası aparırıq. Ay qardaş, siz bu adama qarşı absurd ittiham irəli sürməsəydiniz, Mehman heç kimin yadına düşməyəcəkdi. Onsuz da giley də var idi ki, Mehman unudulub, digər siyasi məhbuslar yada düşmür. Elə bu məqamda Azərbaycan hökuməti özü Mehmana qarşı yeni ittiham irəli sürdü, elə etdi ki, bu məsələ yenidən gündəmə qayıtdı. Mən Azərbaycan hökumətinə məhz bu sualı verirəm. Siz nə düşünürsünüz? Necə düşünürsünüz? Lap elə onların aspektindən baxdıqda, bu qədərmi düşüncəsizlik nümayiş etdirmək olar? Siyasi məhbuslara görə ölkənin imicini salmağa dəyər? Mən tədbirlərdə erməni tərəfindən hər zaman eşitdiyim budur ki, biz bir şüşə də sındırmadan inqilab etdik. Bizdə bir dənə də siyasi məhbus yoxdur. Biz ədalətli parlament seçkiləri keçirdik, parlamentin açılışını etnik azlıq nümayəndəsi edib və s. Əgər biz dövlət olaraq ölkənin əsas problemi kimi Dağlıq Qarabağ problemindən danışırıqsa, axı o məsələdə də, siyasi məhbus problemi bizim üçün əngəllər yaradır. Nəticədə siyasi məhbus probleminin həll edilməməsi ölkənin milli maraqlarına da mənfi təsir edir. Siyasi məhbusların özlərindən, yaxınlarından daha çox ölkənin milli maraqları əziyyət çəkəcək. Regionda Türkiyə bir balaca istisna olmaqla, yeganə ölkəyik ki, öz hökumətimiz öz vətəndaşımızı saxta ittihamlarla həbs etdiyi üçün dünya ölkələri  etiraz edir. Hökumətin isə bir çıxış yolu var.  Bu məsələni həll etmək.

Əminə Məmmədova
Toplum Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo