15:05, 11 Fevral 2019 (Bazar ertəsi) 146

Sərhədi pozmaqda şübhəli bilinən şəxs öldürülüb

Sərhədi pozmaqda şübhəli bilinən şəxs öldürülüb
İranla sərhəddə, Azərbaycanın "Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Buravar kəndi (Bakıdan 300 kilometr cənubda) yaxınlığındakı postunun ərazisində fevralın 11-də sərhədi pozmağa cəhd edən Azərbaycan vətəndaşı Zülfüqar Seyfullayev öldürülüb.

"Turan” agentliyinin Azərbaycan Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, Zülfüqar Seyfullayev İran ərazisindən Azərbaycan istiqamətində hərəkət edirmiş.

"Həmin şəxs Azərbaycan sərhədçilərinin əmrinə tabe olmayaraq İran istiqamətində geriyə doğru qaçıb. "Dövlət sərhəddi haqqında” qanunun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olunub və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerində ölüb”, - xəbərdə deyilir.

Hazırda Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq hadisə ilə əlaqədar əməliyyat-istintaq hərəkətləri həyata keçirir.

Zülfüqar Seyfullayevin yaxınları və İran tərəfi sərhəddə baş verənlərə hələ münasibət bildirməyiblər.