Rusiyanın Azərbaycandakı səfirliyi konsulluq əməkdaşlarının Azərbaycanda həbs edilən bu ölkənin vətəndaşı Saleh Rüstəmovla görüşünün təşkilindən ötrü zəruri tədbirləri görür.
"Turan" agentliyinin xəbərinə görə, bunu Rusiya səfirliyindən bildiriblər.
Həbs edilmiş S.Rüstəmovun oğlu bir neçə gün əvvəl konsulluğun atası ilə görüşə yardım etməkdən imtina etməsi barədə açıqlama vermişdi. Səfirlik həmin açıqlama ilə bağlı sorğuya cavab verib.
"Azərbaycan tərəfi səfirliyə Rusiya vətəndaşı S.Rüstəmovun saxlanıldığını bildirib. Konsulluq şöbəsinin əməkdaşlarının saxlanan şəxslə görüşünün təşkili üçün bütün zəruri tədbirlər görülür. Səfirlik Azərbaycanın hüquq-mühafizə orqanları və S.Rüstəmovun qohumları ilə əlaqə saxlayır", - səfirliyin mətbuat xidmətindən bildiriblər.
Çirkli pulların yuyulmasında ittiham edilən, Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti dönəmində Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı işləmiş S.Rüstəmovun oğlu Sezgin Rüstəmov bir neçə gün əvvəl atası ilə görüşməkdən ötrü Rusiya səfirliyinə müraciət etdiyini açıqlamışdı. Azərbaycana yenicə gələn S.Rüstəmovun deməsinə görə, səfirlikdən lazımı dəstəyi ala bilməyib.
Saleh Rüstəmov Rusiya vətəndaşıdır və sentyabrın 3-də onun həbs müddəti dekabrın 18-nə qədər uzadılıb.
Müvəqqəti Azərbaycana gələn Saleh Rüstəmov bu il mayın 8-də Gədəbəy rayonundan Bakıya qayıdarkən Şəmkir postunda saxlanıb. Sonradan onun qardaşı oğlu V.Rüstəmovun da həbs xəbəri yayılıb. Yaxınları S.Rüstəmovun əvvəlcə narkotikdə ittiham edildiyini açıqlamışdılar. Ancaq bir müddət nə yaxınları, nə də vəkilləri onunla görüşə bilmişdilər.
Mayın 26-da isə Baş Prokurorluq S.Rüstəmov ilə bağlı Daxili İşlər Nazirliyi ilə birgə açıqlama yayıb. Həmin açıqlamaya görə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bəzi funksionerləri və S.Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Rəsmi məlumatda S.Rüstəmov ilə yanaşı, bu işlə bağlı daha üç cəbhəçinin də həbs edildiyi bildirilirdi. Açıqlamada S.Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları iddia olunur. İddialarda söhbət ümumilikdə 412 min dollardan gedir.
AXCP sədri Əli Kərimli rəsmi ittihamı rədd edib, cinayət işinin və həbslərin onlara növbəti təzyiq dalğası olduğunu bildirib.
Həbs edilən AXCP üzvləri də ittihamları qəbul etmirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.