19:24, 20 Avqust 2018 (Bazar ertəsi) 636

"Sayğaclardakı hesablamalarla bağlı ciddi şübhələr var"

Son vaxtlar mediada və sosial şəbəkələrdə "Azərişıq”ın göndərdiyi bildirişlərdəki məbləğlərlə bağlı müzakirələr gedir. 

Vətəndaşların əksəriyyəti bu rəqəmlərin ötən aylara nisbətən 2-3 dəfə artıq olmasından şikayətçidir. 

"İşıq pulu” məsələsində texniki problem və ya kütləvi saxtakarlıq olubmu?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Toplum.tv-yə açıqlamasında bildirib ki, daxil olan bildirimlərdəki göstərilən məbləğlə real sərfiyyat arasında olan fərqdə şübhəli məqamlar var: "Bu məsələ ilə bağlı xeyli açıqlamalar vermişik və müzakirələr aparmışıq. İstənilən halda bunun kütləvi olması onu deməyə əsas verir ki, şübhələnmək üçün kifayət qədər əsəslar var. Burada ciddi uyğunsuzluqlar var və şikayətlər kütləvidir. Ona görə də bu şübhələrin aradan qaldırılması üçün ciddi araşdırmanın, yoxlamanın aparlması zəruridir. Ümumiyyətlə, "Azərişıq” hesabatlılıqla, maraq toqquşmalarının qarşısısnın alıması ilə bağlı məsələlərə ciddi diqqət yetirməlidir. DİM kimi bir neçə qurumlar var ki, onların fəaliyyətinə bir neçə qurum nəzarət edir. "Azərişıq” kimi xidməti ictimai əhəmiyyət kəsb edən qurumların hesablama və informasiya sistemləri üzərində ictimai və dövlət nəzarəti kifayət qədər deyil. Bu baxımdan hesab edirəm ki, istənilən halda, bu qurumun hesabatlılığı ilə bağlı ictimai və dövlət nəzarəti ilə əlaqəli ciddi tədbirlərə ehtiyac var. Bu məsələ mütləq öz həllini tapmalıdır. Konkret baş verən hal üzrə də, etibarlı komissiyanın yaradılması, ora müstəqil ekspertlərin daxil edilməsi doğru olardı. "Azərişıq"da yaranmış bu situasiya ilə bağlı həm dövlət qurumları, həm də müstəqil ekspertlərin iştirakı ilə audit aparılmalıdır". 

"Bura fiziki müdaxilə də ola bilər, amma bunu biz bilmirik"

Hüquqşünas Ələsgər Məmmədli isə deyib ki, bu hesablamalarda şübhəli məqamlar var: "Çox ciddi şəkildə cəmiyyətdə elektrik enerjilərinin normal hər ay gələn qiymətindən 2-3 dəfə yüksək tariflərlə gəldiyi görünür. Belə bir hadisə Azərbaycanda ilk dəfə idi ki, baş verdi, bütün ölkə bir müddət işıqsız qaldı. Təbii ki, sayğaclar elektrik mənbəyi olaraq hər biri elektrikdən qidalanır. İstər ağıllı sayğaclar olsun, istər digərləri. Elektrik mənbəyi kəsilən sayğacların beyinlərinin təkrar qaldığı yerdən davam edib-etmədiyi müəyyən etmək yalnız laboratoriya analizindən keçirib bilmək olar. Hadisənin belə kütləvi olması, hər dəfə gələn məbləğin 2-3 dəfə artması onu göstərir ki, sistemdə problem olub. Bu problemin kökü isə mütləq tapılmalıdır. Belə olan halda, vətəndaş cəmiyyəti institutları və vətəndaşlar tərəfindən də mübahisələndirilib. Energetika Nazirliyi, Maliyyə Nazirliyinin nəzdində istehlakçıların hüquqları ilə bağlı department və vətəndaş cəmiyyətinin nümayəndələrinin, ekspertlərin iştirakilə komissiya yaradılmalıdır. Bu faktı çox ciddi formada analiz etmək lazımdır. Ola bilsin ki, elektrik bir müddət kəsintisiz qalıb, qidalanmayan sayğaclar təkrar işə başlayarkən hansısa səhv göstərmə halı baş verib. Heç kim az ödəmir, hamı çox ödəyir, demək ki, burada kütləvi şəkildə artırmadan söhbət gedir. Bura fiziki müdaxilə də ola bilər ki, bunu biz bilmirik. Bu hal yalnız araşdırma zamanı məlum ola bilər. Yaxud da "online" formada proqram təminatına müdaxilələr ola bilər. Buna heç kimin nəzarət imkanı yoxdur. Bu cür şübhələr hökmən açığa çıxmalıdır. Bakı Elektrik Şəbəkənin bu barədə verdiyi açıqlamalar yetərsizdir və qaneedici deyl. Ciddi şübhələr var və bu şübhələr öz cavabını tapmadığı müddətcə vətəndaşların sualları havada qalır. Dövlətin bu məsələdə ciddi funksiyası var, bunu icra etməlidir". 

"Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev açıqlama verməkdən imtina edib: "Məzuniyyətdəm olduğu üçün açıqlama verməyə səlahiyyətim yoxdur".

Türkan Bəşir
Toplum.Tv