17:33, 20 Avqust 2018 (Bazar ertəsi) 351

Qurban bayramı ilə əlaqədar satış yarmarkaları təşkil olunacaq

Qurban bayramı ilə əlaqədar satış yarmarkaları təşkil olunacaq
Avqustun 22-23-də Azərbaycanda qeyd olunacaq Qurban bayramı ilə əlaqədar sabahdan başlayaraq 3 gün ərzində Bakıda və bölgələrdə iri və xırdabuynuzlu heyvanların satış yarmarkaları təşkil olunacaq. 

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi (KTN) xəbər verir. 

Nazirliyin dəstəyi ilə baş tutacaq yarmarkalara, təxminən, 35 min baş heyvanın çıxarılması nəzərdə tutulur. Yarmarkalar Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi məntəqələrdə təşkil olunacaq. Satış yarmarkalarının Bakı şəhərinin 32 nöqtəsində, Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllıda keçirilməsi nəzərdə tutulur.

Satış üçün nəzərdə tutulan 20 min baş heyvan KTN və Dövlət Gömrük Komitəsinin iri sahibkarlara tövsiyəsi əsasında qonşu ölkələrdən, əsasən də Gürcüstandan gətirilib. Qonşu ölkələrdən xırdabuynuzlu heyvanların gətirilməsində məqsəd bazarda bolluq yaratmaq, qiymətləri sabitləşdirməkdir.

Bundan başqa, KTN-nin müraciəti əsasında bölgələrdə fəaliyyət göstərən fermerlər yarmarkalara, ümumilikdə, 13 min baş heyvan çıxaracaq. Nazirliyin tabeliyində olan təsərrüfatlardan isə yarmarkalara, təxminən, 1000-1500 baş iri və xırda buynuzlu heyvanlar gətiriləcək.

KTN yanında Dövlət Baytarlıq Xidməti artıq Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi ət kəsimi və heyvan satışı məntəqələrində profilaktik məqsədlə dezinfeksiya işlərinə başlayıb. Dezinfeksiya işlərinin aparılmasında məqsəd heyvanlar arasında xəstəliklərin yayılmasının qarşısını almaqdır.