15:07, 19 Noyabr 2018 (Bazar ertəsi) 204

Məmməd İbrahimin vəsatəti təmin edilməyib

Məmməd İbrahimin vəsatəti təmin edilməyib
"Gözlərimdə ciddi problemlər var. Əməliyyatdan sonra o biri gözümdə də görmə zəifləyib. Nə qərar verəcəksinizsə, tez verin, çıxım gedim", – AXCP sədrinin müşaviri Məmməd İbrahim noyabrın 19-da məhkəməsində belə deyib.

M.İbrahimin cəzasının bitməsinə iki gün qalmış haqqında başlanan yeni cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Onun işinə bu dəfə Suraxanı Rayon Məhkəməsində hakim Ceyhun Qədimov baxır.

Məhkəmədə AXCP funksionerinin vəkili Cavad Cavadov onun proses başa çatana qədər ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Hakim təmin etməyib. Deyib ki, buna qədər o, üç il həbsdə olub, indi qaçıb məhkəmədən yayınmayacağına təminat yoxdur.

Vəkil müvəkkilinin məhkəmə zamanı onun yanında əyləşməsinə icazə verilməsini istəyib. Bildirib ki, müdafiənin qurulması baxımından bu vacibdir. Lakin hakim bu vəsatətə də "yox" deyib.

Məhkəmənin gedişinin audio və video yazısı barədə vəsatət də təmin edilməyib. Hakim hesab edib ki, buna ehtiyac yoxdur.

İş materiallarındakı sübutlara toxunan vəkil C.Cavadov 16 Saylı Cəzaçəkmə Müəssisəsində M.İbrahimin yatağından bıçaq tiyəsi tapılması barədə aktın sübutlar siyahısından çıxarılması haqda vəsatət qaldırıb. Bildirib ki, aktla ekspertizanın rəyi bir-birinə uyğun gəlmir: "Ekspertiza rəy verib ki, o əşyanın üzərində Məmməd İbrahimin əl-barmaq izləri yoxdur".

Bu vəsatət də təmin edilməyib.

Məhkəmə baxışı noyabrın 28-nə təyin olunub.

M.İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub. M.Quliyevə fiziki güc tətbiq etməkdə suçlanan M.İbrahimə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət veriblər ki, insident zamanı M.İbrahim onları da vurub. Bundan sonra M.İbrahimə verilən ittiham xuliqanlıq maddəsi üzrə daha da ağırlaşdırılıb. O, 3 il azadlıqdan məhrum edilib.

Həmin cəza sentyabrın 29-da başa çatıb. AXCP Rəyasət Heyətinin üzvünün cəzası başa çatan ərəfədə yeni cinayət işi açılıb. Yeni ittihama görə, həbsdəki siyasətçinin yatağından kəsici alət tapılıb. Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.

M.İbrahim isə bəyan edib ki, yatağından tapıldığı iddia olunan alətin ona aidiyyəti yoxdur. AXCP funksionerinin sözlərinə görə, həmin aləti onun həbsdən çıxmasının qarşısını almaqdan ötrü siyasi sifarişlə elə cəzaçəkmə müəssisəsinin əməkdaşları qoyub.

Penitensiar Xidmətdən isə onun dediklərini əsassız sayıblar.

Azadlıq Radiosu