13:51, 17 Avqust 2018 (Cümə) 178

Mehman Hüseynovun buraxılmasına avqustun 24-də baxılacaq

Mehman Hüseynovun buraxılmasına avqustun 24-də baxılacaq
Həbsdəki bloqqer Mehman Hüseynov vaxtından əvvəl şərti azadlığa buraxılması məsələsi ilə bağlı məhkəmənin vaxtı məlum olub.
 
Bloqqerin ərizəsinə avqustun 24-də Qaradağ Rayon Məhkəməsinin hakimi Rəşad Məmmədov baxacaq. Hakimin M.Hüseynovun vaxtından əvvəl buraxılma ilə bağlı ərizəsinə elə onun saxlandığı 14 Saylı Cəzaçəkmə Müəssisəsində baxacağı bildirilir.

M.Hüseynovun vəkili Şəhla Hümbətovanın AzadlıqRadiosuna verdiyi məlumata görə, bloqqer CM-nin 76-cı (vaxtından əvvəl şərti azad edilmə) maddəsinə əsaslanaraq, məhkəməyə müraciət edib.

M.Hüseynov ona verilmiş iki il azadlıqdan məhrumetmə cəzasının 1 il 5 ayından da çoxunu çəkib.

M.Hüseynov anası Firəngiz Hüseynovanın vəfat etməsi ilə əlaqədar olaraq ötən həftə qısa müddətə evə buraxılmışdı.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. 

M.Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksəkvəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Ancaq hakimiyyət rəsmiləri bildirir ki, Azərbaycanda jurnalist və bloqqerlər peşə fəaliyyətləri ilə bağlı həbs edilmirlər.