12:03, 12 Sentyabr 2018 (Çərşənbə) 143

Keçmiş deputatın həbs müddəti uzadılıb

Keçmiş deputatın həbs müddəti uzadılıb
Nəsimi Rayon Məhkəməsində keçmiş deputat Hüseyn Abdullayevin həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb.

"Report"un xəbərinə görə, hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, vəsatət təmin edilib, H.Abdullayevin həbs müddəti daha 3 ay uzadılıb.

Aprelin 23-də Hüseyn Abdullayevin İnterpol xətti ilə Türkiyədə saxlanıldığı və Azərbaycan daxili işlər orqanları əməkdaşlarına təhvil verildiyi açıqlanmışdı.

Azərbaycana gətirilən Abdullayevin Vergilər Nazirliyinin istintaq idarəsinə təhvil verildiyi və hazırda onun ifadəsinin alındığı bildirilirdi.

2007-ci il martın 16-da hökumətin Milli Məclisdə hesabatı zamanı deputat Hüseyn Abdullayevlə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında fiziki qarşıdurma baş verib, hər iki deputat əlbəyaxa olub. Bundan sonra Abdullayevin mandatı əlindən alınıb, daha sonra isə o həbs olunub.

Lakin elə həmin il məhkəmənin qərarı ilə 2 il şərti cəza alın keçmiş deputat azadlığa çıxıb. O, 2010-cu il parlament seçkilərinə qatılsa da, namizədliyi qeydə alınmayıb. Bundan sonra Almaniyaya gedən keçmiş deputat sığınacaq aldığını açıqlamışdı.

2013-cü ildə Hüseyn Abdullayevin "Susma” adlı marşı sosial şəbəkələrdə geniş yayılandan sonra ona və ailəsinə təzyiqlərin artdığı bildirilirdi.