12:51, 19 Oktyabr 2018 (Cümə) 163

İran gəmisinin heyətində 3 şəxs ölüb

İran gəmisinin heyətində 3 şəxs ölüb
İranın "Nazmehr" adlı quru yük daşıyan gəmisi oktyabrın 18-də Pirallahı adasından 21 mil məsafədə olarkən kömək istəyib.
 
Hava şəraitinin pis olmasına baxmayaraq, İran dənizçilərinin köməyinə Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gözətçi gəmisi göndərilib, bu barədə adı çəkilən idarənin məlumatında deyilir.

Saat 00:30 radələrində sahil mühafizə gəmisi İran gəmisinə çatıb və ağır vəziyyətdə olan İran dənizçilərini göyərtəsinə alıb, daha sonra onları sahilə çatdırıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, ümumilikdə 12 ekipaj üzvü zəhərlənib. Bu zaman üç nəfər sahilə çatdırılarkən yolda dünyasını dəyişib. Daha 7 nəfər Bakı Toksikologiya Mərkəzinə yerləşdirilib.

Kapitan gəmini tərk etməkdən imtina edib, ona yerində tibbi yardım göstərilir. Gəmidə qalan digər iki ekipaj üzvünün vəziyyəti tibbi yardım göstərildikdən sonra qənaətbəxş olub.

Zəhərlənmənin səbəbləri hələlik müəyyən edilməyib. Səbəbin buğda daşınarkən istifadə olunan kimyəvi maddələr olduğu ehtimal olunur.

İran gəmisi Aktaudan Bakıya gəlirdi. 
 
Turan