12:37, 13 Sentyabr 2018 (Cümə axşamı) 140

Gömrük pozuntularının statistikası

Gömrük pozuntularının statistikası
2018-ci ilin 8 ayı ərzində gömrük orqanları 6155 hüquqpozma faktı aşkarlayıb. Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bəyan edib. Onun sözlərinə görə, yanvar-avqust aylarında Əməliyyat-İstintaq Baş İdarəsinin fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər nəticəsində 458 cinayət xarakterli fakt üzə çıxıb: "Həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 6 milyon 135 min manatdan çoxdur. 2018-ci ilin 8 ayı ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar aşkar olunan 150 fakt üzrə ümumilikdə 1 ton 19 kiloqram 926 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb. Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 169 nəfər barəsində müvafiq tədbirlər görülüb, 17 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib”.

Dövlət Gömrük Komitəsinin yanvar-avqust ayları üzrə rəsmi hesabatına görə, gömrük orqanları 308 qaçaqmalçılıq faktı, 143 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi faktı, 21 aksiz markası olmadan mal idxal etmə faktı, 6 gömrük ödənişindən yayınma faktı, 125 digər cinayət xarakterli fakt qeydə alıb.

Hesabat dövrü ərzində gömrük hüquqpozmalarında 499 şəxs təqsirləndirilib.