19:36, 13 Sentyabr 2018 (Cümə axşamı) 302

Gənc fəala 7 il həbs cəzası istənildi

Gənc fəala 7 il həbs cəzası istənildi
AXCP Gənclər Komitəsinin üzvü Orxan Baxışlıya 7 il həbs cəzası istənilib. Sentyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

"Azadlıq Radiosu"-nun xəbərinə görə, prokuror iddia edib ki, Orxan Baxışlıya CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama və ya daşıma) maddəsilə verilmiş ittiham məhkəmədə sübuta yetirilib.

Prokurordan öncə isə vəkil Elçin Sadıqov qanunsuz sübutların çıxarılması barədə vəsatət qaldırıb.

Müdafiəçi deyib ki, konkret olaraq, Baxışlının tutulması, üzərinə baxış keçirilməsi barədə protokollar qanun pozuntusuyla əldə olunub. Qanunsuz yollarla əldə edilmiş sübutların hüquqi qüvvəsi olmadığını deyən müdafiəçi bildirib ki, hökm çıxararkən həmin protokollardan sübut kimi istifadə edilə bilməz.

Mahmud Ağalarovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti baxılmamış saxlayıb. Ardınca prokuror çıxış edib.

Prosessual qaydalara görə, dövlət ittihamçısından sonra vəkilin müdafiə çıxışı olmalıdır. Elçin Sadıqov çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Ona sentyabrın 18-nə qədər vaxt verilib.