20:31, 15 Oktyabr 2018 (Bazar ertəsi) 224

Deputat: "O, Azərbaycana sevgisini həmişə bildirirdi"

Deputat:
Oktyabrın 1-də Fransada yaşayan erməni əsilli müğənni Şarl Aznavurun ölümü dünya gündəmini tutub. 

Fransa prezidenti Emmanuel Makron da onun ölümü ilə bağlı başsağlığı verib.

"Şarl Aznavur bütün dünyada tanınmış erməni kökləri ilə sıx bağlı əsl bir fransız olmaqla üç nəslin sevincini və kədərini müşayiət etdi”, - deyə Makron öz "Twitter” hesabında yazıb. 
 
2017-ci ilin, demək olar ki, elə bu günlərində ABŞ-da yaşayan azərbaycanlı alim Lütfi Zadə də həyatını itirdi. Amma dünyaşöhrətli alimin ölümü dünya mediasında o qədər də diqqət çəkmədi. 

Üstəlik, Lütfi Zadəyə münasibət birmənalı olmadı. Hətta ölkəsindən kənarda yaşadığı üçün onu qınayanlar da var idi.


Deputat Aydın Mirzəzadəyə görə, Şarl Aznavur orta səviyyəli bir müğənnidir, ermənilər özlərinin təbliğat maşınları ilə onu daha yüksək səviyyəyə qaldırdılar: "Onlar yaşadıqları ölkənin siyasi, iqtisadi, diplomatik, ən əsası, informasiya dairələrində yer tutmağa və öz millətçiliyini qoruyub saxlamağa çalışırlar. Bu, ermənilərdə yaxşı alınır. Bizim də müəyyən nəticələrimiz var. Əlbəttə ki, bu, ermənilərin bir neçə yüz ildə etdiyi lobbilik səviyyəsinə çata bilməz. Azərbaycanlılar yaşadıqları ölkədə tədricən tanınmağa, qəbul edilməyə başlayıblar. Onlar yaşadıqları ölkənin parlament üzvü seçilirlər, universitet professoru olurlar. Hesab edirəm ki, bu xətt artan trendlə davam edəcəkdir”.

Deputat erməni lobbiçiliyini ən fəal, ən təşkilatçı lobbi dairələrindən biri hesab edir: "Düşünməyək ki, bütün ermənilər Şarl Aznavuru sevir, onu ilahiləşdirirlər. O, siyasi məsələlərə tez-tez münasibət bildirdiyi üçün həm də tənqid atəşinə tutulurdu. Eyni zamanda yaddan çıxarmaq olmaz ki, incəsənət nümayəndələri xaricdə elm adamlarından daha çox tanınırlar”.                                                                                                                                                                                                                                                                            "
Bəşəriyyətin inkişafına verdiyi töhfəni nəzərə alsaq, Lütfi Zadə bir zirvədir, Şarl Aznavur ona çata bilməz. Bu, bir ifaçılıqdır, Aznavurlar olub, olacaq da. Amma Lütfi Zadələr  nadir hallarda yetişir. O, Azərbaycana sevgisini həmişə bildirirdi. Əgər xalqına bağlılıq cəhətcə götürsək, Lütfi Zadə  Azərbaycanda dəfn edilməyini çox-çox əvvəl xahiş edib. Şarl Aznavursa özünü erməni aldırmaqla, Ermənistan sevgisini bildirməklə, nədənsə İrəvan qəbiristanlıqda yer tutmağa tələsmədi. Bu baxımdan, ermənilər mənəvi cəhətcə Azərbaycana uduzurlar”, - deyə Aydın Mirzəzadə əlavə edib. 

Deputat Fərəc Quliyev də Aznavurun məşhurluğunu lobbiçiliklə əlaqələndirir: "Ümumiyyətlə, biz insanlarımıza sahib çıxmağı bacarmalıyıq. İstər xaricdə olsun, istər Azərbaycanda, xidmət etmiş adamlara sağlığında qiymət verməliyik. Bəlkə də məşhur və qiymətli insanlarımız çoxdur deyə qiymət verə bilmirik”.

Fərəc Quliyev qeyd edib ki, Aznavurla müqayisədə Lütfi Zadə bütün bəşəriyyətin taleyini dəyişə biləcək birisidir: " Lütfi Zadəni burada dəfn etmişik, bundan sonra adına küçələrin, universitetlərin verilməsi, abidələrin qoyulması, əsərlərinin satılması da mümkündür”.

Hüquqşünas Erkin Qədirli isə hesab edib ki, müğənni ilə alimi eyni yerə qoymaq olmaz. Onun fikrincə, hansısa pop-ulduzu istənilən alimdən yaxşı tanıyırlar: "Bu, o demək deyil ki, alim nisbətdə çox və ya az nüfuzludur. Söhbət sırf tanınmaqdan gedir. Alimin yasına, təbii ki, az adam gələsidir, müğənninin yasına isə çox. Məsələn, elə Azərbaycan daxilində nümunə göstərsək, Müslüm Maqomayevin dəfnində xiyabana nə qədər adamın gəldiyinin şahidi olarıq. Sırf kütləvilik baxımından alimlə müğənni müqayisəyə gələ bilməz. Tanınmış müğənni həmişə kütlənin fikrində alimə qalib gələcək. Məsələn, "Youtube"da ucuz bir pop-starın videosuna milyonlarla baxış var, amma hansısa Harvard Universiteti professorunun Nobel mükafatı mühazirəsinə min baxış ola, ya olmaya. Ona görə də sırf  bu ölçü meyarını doğru saymıram”.

Erkin Qədirli düşünür ki, ermənilərin birliyini heç kəsə tabe olmayan milli kilsə yaradıb: "Biz isə müsəlman olmuşuq. Dünyaya universal baxışımız olub. İslam dini millətlərə bölünməyə çox da xoş baxmır. Bizim üçün fərq etmir, kürd, ərəb və ya fars. Təki müsəlman olsun. Erməni isə heç vaxt xristian təəssübkeşliyi etmir. Onlar üçün "əsas erməni olsun” deyimi aktualdır. Ona görə ermənilərin birliyini tarixən kilsə formalaşdırıb. Buna görə bir-birlərinə yardım edir, dəstəkləyirlər”.

Hüquqşünas əlavə edib ki, ermənilərin də hamısı eyni deyil. Ümumilikdə isə onlarda toplaşma, bir yerə yığışmaq ənənəsi çox güclüdür.

Lütfi Zadə süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru olub. O, bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. 

6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında vəfat edib. Alim sağlığında Bakıda dəfn olunmasını vəsiyyət etsə də, nəşinin ölkəyə gətirilməsi yubandı. 2017-ci il 29 sentyabrda I Fəxri Xiyabanda torpağa tapşırıldı.

Şarl Aznavur erməni əsilli fransız musiqiçidir. Musiqi fəaliyyəti ilə yanaşı, humanitar və diplomatik fəaliyyətlə də məşğul olan Aznavur ermənilərlə bağlı bir çox fəaliyyətin Avropada təşkil olunmasında fəal rol oynayıb. 1 oktyabr 2018-ci ildə Fransada vəfat edib. O, "Ermənistanın milli qəhrəmanı" adına layiq görülüb. Yerevanda bir meydana onun adı verilib, Gümrü şəhərində heykəl qoyulub.

Nigar Mübariz
Toplum TV