17:11, 14 Sentyabr 2018 (Cümə) 306

Ceyranbatana gedən kanalda çökmə

Ceyranbatana gedən kanalda çökmə
Ceyranbatan su anbarını su ilə təmin edən kanallardan birində problem yarandığı bildirilir.

"Turan" agentliyinin məlumatına görə, Taxtakörpü su anbarından Ceyranbatana uzanan kanalın 69-cu kilometrində torpaq çökməsi nəticəsində anbara su daxil olması müvəqqəti olaraq dayandırılıb.

Torpaq çökməsinin sentyabrın 13-də səhər saatlarında Xızı rayonu ərazisində baş verdiyi bildirilir.

Agentliyin xəbərinə görə, böyük torpaq kütlələrinin sürüşməsi beton plitələrin bəzilərinin yerindən tərpənməsinə səbəb olub.

Xəbərdə qeyd edilir ki, torpaq sürüşməsinin səbəbi hələlik bəlli deyil. Hadisə yerində mütəxəssislərin, inşaat texnikasının işlədiyi bildirilir.

Ceyranbatan su anbarı paytaxtı su ilə təmin edən əsas mənbələrdən biridir. Mütəxəssislər onda mövcud su ehtiyatının bir ay ərzində hər hansı problemə yol verməyəcəyini bildirirlər. Təmir işlərinin bir həftə ərzində yekunlaşa biləcəyi qeyd edilir.

Samur-Abşeron Kanalının İstismarı İdarəsindən kanalda qəza baş verməsini təsdiqləyiblər, rəhbərliyin hadisə yerində olduğunu bildiriblər.

Ceyranbatan su anbarı 1955-ci ildə yaradılıb. Anbarın su tutumu 186 mln., onun faydalı həcmi 150 mln. kubmetrdir.

Anbarın uzunluğu 8.74 km, maksimum eni 2.15 km, sahil xəttinin uzunluğu 23.3 km, maksimum dərinliyi isə 28.5 metrdir. Qidalanma mənbəyi isə Samurçay, Vəlvələçay və Qudyalçaydan su götürən Samur-Abşeron kanalıdır. Ceyranbatan su anbarı içməli su mənbəyi olduğuna görə 1960-cı ildə onun ətrafında üç zolaqdan ibarət sanitar-mühafizə zonası yaradılıb.

Taxtakörpü anbarı isə bir neçə il əvvəl Şabran rayonunda tikilib. Onun ümumi sahəsi 9 kvadratkilometrə yaxındır.