11:52, 19 Oktyabr 2018 (Cümə) 186

Bu il Azərbaycan Gürcüstanın əsas ixrac bazarı olub

Bu il Azərbaycan Gürcüstanın əsas ixrac bazarı olub
 Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 742 mln. 484,7 min dollar təşkil edib.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Hesabat dövründə Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 8,1% olub. İlin ilk 9 ayı ərzində Azərbaycan Gürcüstanın Türkiyə, Rusiya və Çindən sonra 4-cü böyük ticarət tərəfdaşı olub.

Yanvar-sentyabr aylarında Gürcüstanın Azərbaycana ixracı 342 mln. 983,4 min dollar təşkil edib ki, bu da illik müqayisədə 104,4% çoxdur. Bu göstərici ilə Azərbaycan qonşu ölkə üçün birinci əsas ixrac bazarı olub.

Azərbaycanın Gürcüstana ixracı isə illik müqayisədə 10,8% artaraq 399 mln. 501,3 min dollar təşkil edib. Bu göstərici ilə Azərbaycan qonşu ölkənin dördüncü əsas idxal tərəfdaşı olub.

Hesabat dövründə Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi 9 mlrd. 124,8 mln. dollar təşkil edib. İllik müqayisədə ticarət dövriyyəsində 20,8% artım qeydə alınıb. Qonşu ölkənin ixracı 25,7% artaraq 2 mlrd. 448,1 mln. dollar, idxalı isə 19,1% artaraq 6 mlrd. 676,7 mln. dollar həcmində olub.