19:51, 11 Oktyabr 2018 (Cümə axşamı) 1023

“Bizdə qızın “adı”nın zədələnməsindən qorxurlar”

“Bizdə qızın “adı”nın zədələnməsindən qorxurlar”

Oktyabrın 11-i "Beynəlxalq Qız Uşağı Günü"dür.

Bu gün uşaq yaşlarında ərə verilmə və bu kimi müxtəlif problemlərlə üzləşən qız uşaqlarının hüquqlarının müdafiəsinə həsr edilib.

Ötən il UNİSEF-in açıqlamasına görə Azərbaycanda 16 ildə 50 976 erkən nikah bağlanıb.

Həmçinin, UNİSEF bildirib ki, Azərbaycanda bir il ərzində təxminən 15 yaşına çatmayan beş minə qədər qızın ailə qurması barədə informasiyalara rast gəlinir.

2015-ci ildə 20 yaşına qədər olan 1485 qadın hamiləliyini öz istəyi ilə sonlandırıb. Həmin qadınlardan 50 nəfəri isə 15-17 yaş arasında olanlardır.

2013-cü ilin statistikasına əsasən 15-17 yaşlı analar tərəfindən doğulan uşaqların sayı 2855-dir.

Bəs erkən yaşda nikah, erkən yaşlarda abort etmə məsələləri ilə, eləcə də qız uşaqlarının selektiv aborta məruz qalması ilə necə mübarizə aparmaq olar?

Ümumiyyətlə, qız uşaqlarının hüququnu necə qorumaq lazımdır?

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin üzvü, deputat Dilarə Cəbrayılova Toplum Tv-yə bildirib ki, erkən nikahların qarşısını almaq, erkən yaşda abort edənlərin sayının qarşısını almaq, bununla mübarizə aparmaq üçün düzgün təbliğat aparılmalıdır:

 

"Əsasən gənclərin çox olduğu yerlərdə- məktəblərdə, texnikumlarda təbliğat aparılmalıdır. Ən vacibi valideynlərlə də iş aparılmalıdır. Onları məlumatlandırmaq lazımdır ki, azyaşlı uşaqları evlənməyə sövq etmək ilk növbədə qanunla cinayət sayılır. İkincisi, erkən nikaha daxil olan qızların gələcəkdə sağlamlıqlarında problemlər yarana bilər. Buna psixoloji travmanı da misal göstərmək olar ki, bu ən böyük problemdir

Valideynlər bilməlidirlər ki, qızlarını erkən yaşda ərə verməyə sövq etməyə yox, təhsilə yönəltmək lazımdır".

"Qadın və Uşaq Akademiyası" İctimai Birliyinin sədri Sevinc Fədai bildirib ki, ilk növbədə erkən nikahın və abortların qarşısını almaq üçün qadınların, anaların düşüncəsi dəyişməlidir:

 

"Qadınların özünümüdafiəsi güclənməlidir. Qadınlar həm özlərini, həm də qızlarını müdafiə edə biləcəklərinin fərqində olmalıdırlar. Məsələn, bizim cəmiyyətimizdə belə bir düşüncə var ki, qızların erkən yaşda ərə verilməsinə də səbəb, qız uşaqlarının abort edilməsinə də səbəb kişilərdir. Kişi qızını ərə vermək istəyir və ya kişi qız uşağını istəmir deyə qadınlar abort olunur.

Məncə, burada ilk günahkar qadınların özləridir"

Sevinc Fədai bu məsələ ilə bağlı araşdırma apardığını deyir: "Bir neçə ginekoloqlar və psixoloqlarla söhbətim olub. Aydın oldu ki, elə ilk növbədə evin yaşlı nümayəndəsi - qaynanalar özləri "mənim oğlan nəvəm olmalıdır" deyə hökm irəli sürürlər. Və ya evin kişisi qızını erkən yaşda ərə vermək istəyəndə iqtisadi yük, müxtəlif mühitlərdən qorumaq və yəni qızını gələcəkdə ata biləcəyi səhv addımlardan qorumağı sığortalamaq kimi səbəblər irəli sürür. Qısaca desək, "adın" zədələnməsindən qorxurlar. Belə məqamlarda qadın evdə söz sahibi ola bilməlidir. Bunun üçün isə qadının sağlam düşüncəsi, dünyagörüşü olmalıdır. Qadın birinci özü dərk etməlidir ki, o öz qızını 17 yaşda ərə verməməlidir. O bilməlidir ki, bunun üçün qızının həm fiziki cəhətdən,həm psixoloji, həm mənəvi cəhətdən formalaşma dövrü olmalıdır. Qızın həyat təcrübəsi, təhsili və sağlam düşüncəsi 17 yaşında ikən bir evdən digər evə gəlin köçməsi ilə əldə olunmur”.

Samirə Əliyeva

Toplum TV