15:53, 11 Fevral 2019 (Bazar ertəsi) 255

Azərbaycana ən çox hansı ölkələrdən əcnəbi gəlir?

Azərbaycana ən çox hansı ölkələrdən əcnəbi gəlir?
2018-ci ildə Azərbaycana 196 ölkədən 2849,6 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 

Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatına görə, bu, 2017-ci illə müqayisədə 5,7 faiz çoxdur. 

Gələnlər arasında üstünlüyü Rusiya, Gürcistan və Türkiyə vətəndaşları təşkil edib. 

Ölkəyə gələnlərin 66,1 faizi kişi, 33,9 faizi qadınlardır. 

DSX-nın məlumatında deyilir ki, 2018-ci ildə Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olmaqla) gələnlərin sayında da artım müşahidə edilib. 

Ümumilikdə, Körfəz ölkələrindən 554,1 min nəfər gəlib. Yəni Azərbaycana gələnlərin hər beş nəfərindən biri bu ölkələrin vətəndaşları olub.

2017-ci ilə nisbətən Hindistandan gələnlərin sayı 2,7, İsraildən gələnlərin sayı 2,6, Misir, Türkmənistan və Cənubi Koreyadan gələnlərin sayı 1,7, Çindən gələnlərin sayı isə 1,5 dəfə artıb.

2018-ci ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı da artıb. 

Məlumata görə, Aİ ölkələrindən gələnlərin sayı 6,7 faiz artaraq 112,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,8 faiz artaraq 1044,2 min nəfər olub.       
                                                                                 
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,5 faizi dəmiryolu və avtomobildən, 41,5 faizi hava, 1,0 faizi isə su nəqliyyatından istifadə edib.

Ötən il xaricə gedənlərin sayında da artım müşahidə olunub. 2017-ci ilə nisbətən xaricə gedənlətin sayı 19,5 faiz artaraq 4908,1 min nəfər təşkil edib. 

Ölkə vətəndaşlarının ziyarət etdiyi ölkələr arasında ən çox İran, Gürcüstan və Rusiya Federasiyası var. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 71,8 faiz, Gürcüstana gedənlərin sayı 4,2 faiz, Türkiyəyə gedənlərin sayı 0,9 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 0,3 faiz artıb.  

Səfər edənlərin 65,3 faizi kişilər, 34,7 faizi isə qadınlardır. 2018-ci ildə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 81,4 faizi dəmiryolu və avtomobildən, 17,8 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Əbülfət Baxşəliyev
Toplum.Tv