11:18, 12 Noyabr 2018 (Bazar ertəsi) 178

12 noyabr - Konstitusiya günüdür

12 noyabr - Konstitusiya günüdür
1995-ci il noyabrın 12-də Azərbaycanın Konstitusiyası qəbul olunub. Artıq Azərbaycanda noyabrın 12-si 23 ildir ki, Konstitusiya günü kimi qeyd edilir.

Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət olub.

Ekspertlərin fikrincə, Konstitusiyanın qəbulu təkcə yeni ictimai sistemin hüquqi tanınması faktı yox, həm də ölkənin inkişafının yeni mərhələyə qədəm qoymasının göstəricisi idi.

23 il ərzində Konstitusiyaya üç dəfə- 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də, 2016-cı il sentyabrın 26-da referendum yolu ilə əlavə və dəyişikliklər edilib.

2002-ci il dəyişikliklərindən sonra ölkədə proporsional seçki sistemi (səslərin ayrı-ayrı şəxslərə deyil, partiyalara verilməsi. 2009-cu ilə qədər Azərbaycan parlamentində 25 deputat bu sistemlə seçilirdi -AR) ləğv edildi və baş nazir Milli Məclis sədrindən önə çıxaraq ölkədə ikinci şəxs statusu aldı.

2009-cu ildə də bir şəxsin ardıcıl iki dəfədən çox prezident seçilməsinə qoyulan qadağa aradan qaldırıldı.

Nəhayət, 2016-cı il referendumunda isə prezidentlik müddəti 5 ildən 7 ilə qədər artırıldı. Ölkədə vitse-prezidentlik statusu təsis edildi. Bundan bir il sonra, 2017-ci ildə ölkəyə 2003-cü ildən rəhbərlik edən prezident İlham Əliyev öz xanımını Mehriban Əliyevanı Birinci vitse-prezident vəzifəsinə təyin etdi.

2009-cu ilə kimi Konstitusiya günü qeyri-iş günü olsa da, 2009-ci ildən artıq iş günüdür.