10:24, 19 Noyabr 2018 (Bazar ertəsi) 180

10 ayın sosial-iqtisadi göstəriciləri

10 ayın sosial-iqtisadi göstəriciləri
Dövlət Statistika Komitəsi 10 aylıq makroiqtisadi göstəriciləri açıqlayıb. 

Rəsmi hesabata görə, 2018-ci il noyabr ayının 1-nə kənd təsərrüfatının ümumi məhsulu ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,6 faiz, bitkiçilik məhsullarının istehsalı 7,4 faiz artıb.

Nəqliyyat sektoru üzrə hesabata əsasən, yanvar-oktyabr aylarında yük daşınması 2017-ci ilin 10 ayına nisbətdə 1,5 faiz, sərnişin daşınması 1,3 faiz yüksəlib.

İnformasiya və rabitə müəssisələri 1 milyard 530,3 milyon manatlıq xidmətlər göstərib. Xidmətlərinin həcmi əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə dəyər ifadəsində 8,8 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,7 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Bir ildə əhalinin gəlirlərinin nominal ifadədə 9,2 faiz artaraq 43 milyard 871,5 milyon manata çatdığı vurğulanır.

Maliyyə Nazirliyinin məlumatına görə, yanvar-oktyabr aylarında dövlət büdcəsinə 18 milyard 196,9 milyon manat vəsait daxil olub, büdcədən 17 milyard 769,9 milyon manat vəsait xərclənib.

Mərkəzi Bankın hesabatına əsasən, oktyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 302,4 milyon manat təşkil edib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 14,2 faizinə bərabər olub.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 8 milyard 199,1 milyon manat göstərilir.